Kolleclərlə bağlı dəyişiklik - tələbələrin kredit sayı artırıldı

12 Yanvar, 2018 08:40 | Sosial | Baxış sayı: 192
İmtahan (Arxiv)
İmtahan (Arxiv)

81-100 balı olan tələbələr ödəniş etmədən əlavə fənn seçə bilər

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişikliklər edilib. Tələbələrin bir semestrdə götürdüyü kreditlərin sayı 40-a qədər artırılıb.

Dəyişikliyə görə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla  təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Akademik borcu olan tələbə əlavə fənn (fənnlər) götürdükdə, təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.

Bundan əlavə, hər bir fənn üzrə ayrıca jurnalın tərtibi ləğv olunub.

Eyni zamanda, fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi cari qiymətləndirmə, fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsi isə aralıq qiymətləndirmə kimi müəyyən edilib.

Həmçinin müvafiq ixtisas üzrə orta ixtisas təhsili proqramlarının mənimsənilməsi üçün tələbə tərəfindən yığılması məcburi olan 120-180 kredit müəyyənləşdirilib.

Qeyd olunur ki, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.”.

Orta ixtisas təhsili müəssisələrində fənlərin və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi ilə dərs cədvəli fənlər üzrə (müəllimin adı və soyadı qeyd edilməklə) tərtib olunması qaydası aradan qaldırılıb.

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri bu Qaydaların 3.2.15-ci yarımbəndinin ikinci cümləsinin tələblərinə uyğun olaraq qazana bilər.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. Tələbənin müəllim seçmək hüququ var.