Qafqaz Universitetinin diplomu tanınmayacaq?

12 Yanvar, 2017 12:24 | Sosial | Baxış sayı: 149

Universitet rəhbərliyi də bu məsələyə biganə qalmadı

Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə (Fətullahçı Terror Örgütü) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

İstiPress "Yeni Şafak"a istinadən xəbər verir ki, bu sırada Avstraliya və Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan, İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan hərəsindən 1 olmaqla universitetlər daxildir.

Azərbaycandan bu siyahıya "Qafqaz" Universiteti daxil edilib. Şuranın qərarına əsasən universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə 2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq. Yalnız 2016-2017 tədris ili və bundan sonrakı illər üçün universitetə qəbul olunan tələbələrin diplomları tanınacaq. Yüksək Təhsil Şurası bunu onunla əsaslandırır ki, ötən il Azərbaycan hakimiyyəti FETÖ ilə mübarizə çərçivəsində Qafqaz Universitetinin rektorunu və professor-müəllim heyətini dəyişdirib.

İddiada adı hallanan və Azərbaycanda fəaliyyət göstərən "Qafqaz" Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən Rəcəb Rza İstiPress-ə bildirib ki, bununla bağlı tədris müəssisəsinə heç bir rəsmi xəbərdarlıq daxil olmayıb:

"İstər Türkiyə Yüksək Təhsil Şurasından, istər Türkiyənin ölkəmizdəki səfirliyindən, istərsə də Azərbaycanın Təhsil Nazirliyindən bu məsələ ilə bağlı nə yazılı, nə də şifahi xəbərdarlıq edilib. "Qafqaz" Universiteti SOCAR-ın nəzdində fəaliyyət göstərən beynəlxalq universitetdir. Azərbaycan və Türkiyə təhsil nazirliklərilə birgə müqaviləsi var. Həm buna əsas da yoxdur ki, diplomlarımız tanınmasın. Əgər bizim universitetin diplomu Türkiyədə tanınmırsa, belə çıxır ki, Azərbaycan ali məktəblərinin heç birinin diplomu tanınmır".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Bayramov isə məsələ ilə bağlı heç bir açıqlama vermədi.