Fazil Mustafa ilə Sərdar Cəlaloğlunun təriqət savaşı

12 Yanvar, 2017 14:24 | Sosial | Baxış sayı: 182

Artıq bir neçə gündür ki, iki siyasətçi arasında təriqət savaşı davam edir. Söhbət millət vəkili Fazil Mustafa ilə ADP sədri Sərdar Cəlaloğludan gedir. Partiya sədri millət vəkilini şiələri təhqir etməkdə günahlandırır. Millət vəkili isə partiya sədrini böhtanda ittiham edərək, ona dediklərini sübut etmək üçün üç gün vaxt verib. Sübut edə bilməsə, Sərdar Cəlaloğluna "şərəfsiz" deyəcəyini bildirib. İki siyasi sima arasında məhz təriqət söhbətinin böyüməsi kifayət qədər ciddi məsələdir və əslində bu cəmiyyətin hazırkı yanaşma düsturunu sübutlayır. Bu gün həqiqətən də cəmiyyətdə Sərdar Cəlaloğlu və Fazil Mustafa kimi kəskin düşünən yüz minlərlə insan var və sosial şəbəkələrdə bunu aydın şəkildə görmək mümkündür. Tək bunu demək kifayətdir ki, sosial şəbəkələrdə yüzlərlə dini (təriqət) qruplar və hər qrupda yüz minlərlə dəstəkçi var. Olsun. Amma problem ondadır ki, yaranan qruplarda hansısa dini maarifləndirmə yox, digər təriqətlərin təhqir olunması yer alır. Zahirən, ölkədə dini dözümlülük müşahidə olsunsa da, əslində hər gün təriqətlərarası münasibətlər daha da gərginləşir və bəzi hallarda bu konkret toqquşmalarla da müşahidə olunur. Bu gün Sərdar Cəlaloğlu ilə Fazil Mustafa arasında yaşananlar da buna misal ola bilər. Amma məni daha çox maraqlandıran Fazil Mustafanın sərt reaksiya verməsidir. Əslində bu gözlənilən idi. Çünki Sərdar Cəlaloğlunun dedikləri kifayət qədər ittiham yüklü açıqlamadır və bu açıqlama şiə təriqətindən olanları, sözün həqiqi mənasında, ayağa qaldıra bilər. Fazil Mustafa isə daha sərt açıqlama verməklə, şiə təriqətindən olanları əslində təxribata uymamağa çağırır. Amma bununla şiəsünni qarşıdurmasının yaranmasının qarşısını almaq mümkün olacaqmı? Suala cavab tapmaq çətindir. Ona görə ki, bu gün adi vətəndaşlar belə Suriyada baş verənlərə fərqli münasibət göstərir. Ona görə ki, bu gün Suriyada döyüşən azərbaycanlılar da var. Ona görə ki, bu gün müxtəlif dövlətlərin dini liderlərinə biət edən vətəndaşlarımız var. Və ən qorxulu məqam odur ki, bu gün cəmiyyətdə müəyyən nüfuzu olan şəxslər də məqsədli şəkildə təriqət savaşına dəstək verirlər. Sonda isə Xəlil Rza Ulutürkün bir fikrini yada salmaq istəyərdim:”Mənim dini inancımı özümdən başqa heç kəs bilməz. Özgənin dini inancına isə hörmətlə yanaşıb mahiyyəti haqqında belə eşitmək istəmirəm”. Məncə də dini inanc insanın daxili dünyasına aiddir və hər kəs buna hörmətlə yanaşmalıdır.

Eldəniz Elgün