Rəsulzadənin məktubları ilk dəfə nəşr olundu

11 Dekabr, 2017 16:20 | Sosial | Baxış sayı: 167
Məmməd Əmin Rəsulzadə - 1922-ci il
Məmməd Əmin Rəsulzadə - 1922-ci il

Azərbaycan diplomatının sovet dövründə əldə etdiyi sənədlər

M.Ə. Rəsulzadənin “Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görüb.

İstiPress-in məlumatına görə, oxuculara təqdim olunan bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin 50-yə yaxın məktubu, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan dilində nəşr edilir.

Həmin məktubların əksər hissəsi 1988-ci ildə diplomat və mühacirət tarixinin görkəmli tədqiqatçısı Ramiz Abutalıbov tərəfindən Parisdə aşkarlanaraq, Azərbaycana gətirilib. Kitabın ikinci hissəsini təşkil edən “Şəfibəyçilik” əsəri isə ötən əsrin 20-30-cu illərdə həm Azərbaycan siyasi mühacirəti, həm də “Müsavat” partiyası daxilində cərəyan prosesləri anlamaq baxımından çox qiymətli tarixi mənbədir. Kitab Klubu tərəfindən nəşr edilmiş toplunun tərtibçisi, ön sözün və izahların müəllifi tarix elmləri doktoru Aydın Balayevdir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Moskvada fəaliyyət göstərən “Məmməd Əmin Rəsulzadə Məclisi” cəmiyyətinin dəstəyilə nəşr olunub.

Kitabın üz qabığı
Kitabın üz qabığı