Müəllimlərin maaşı artdı CƏDVƏL

11 Sentyabr, 2019 09:28 | Sosial | Baxış sayı: 15574
Azərbaycan manatı
Azərbaycan manatı

Baş nazir aylıq vəzifə maaşları sxemi haqqında qərarı dəyişdi

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib. Qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara edilmiş dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat (əvvəlki maaş 550 manat), direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat (əvvəlki maaş 495 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat (əvvəlki maaş 440 manat) müəyyən edilib.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda da dəyişiklik olub. 

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

Bu qərarlar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.