Azərbaycanın bu məktəbində bilik günü olmayacaq - FOTOLAR

11 Sentyabr, 2017 16:30 | Sosial | Baxış sayı: 301
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi

"Onlar yenə söz verirlər"

Yenə mövzumuz Qubanın mərkəzindən 42 km aralıda yerləşən Zərqava kənd məktəbindəndir. Çox təəssüf ki, bu məktəbin şagirdləri bu dərs ilində də bilik gününün sevincini yaşaya bilməyəcəklər. Ona görə ki, 4 ildir təmirə başlanılan bu məktəb 2017-2018-ci il dərs ilinə də hazır olmadı. Bu barədə övladları dərsə gedəcək zərqavalı valideynlər İstiPress-in Şimal bürosuna məlumat veriblər.

Quba məktəbi
Quba məktəbi

Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Quba icra başçısının Zərqava İƏD üzrə nümayəndəsi Fərman Tahirov faktı təsdiqləyərək bildirdi ki, məktəbin birinci mərtəbəsini  sentyabrın 15-də istifadəyə vermək üçün kənd səfərbər olub, sakinlər, valideyn və müəllimlər və yerli ustalar birinci mərtəbədəki 8 otağı dərsə hazırlamaq üçün  ciddi işə başlayıblar.

İcra nümayəndəsi son üç-dörd gündür, məktəbdə birbaşa təmir işlərinə rəhbərlik etdiyini dedi. Fərman müəllimin sözlərindən belə aydın oldu ki, tikinti təşkilatı  söz verməsinə baxmayaraq gəlib işlərə başlamayıb, onların yarımçıq qoyub getdiyi işləri camaatın gücü ilə davam etdirməyə məcbur olublar. Bu barədə Quba İH-nin rəhbərliyi icra nümayəndəliyinə tapşırıq verib ki, təcili olaraq yerdə sakin və məktəb kollektivi işi davam etdirsin. Maraqlıdır: bəs neçə vaxtdır gələcəyinə vəd verən tikinti təşkilatı necə oldu?

 

Qubada başı bəlalı məktəbdə bilik günü olmayacaq!

Zərqava icra nümayəndəsi bildirdi ki, onlar yenə söz verirlər, gündə deyirlər zəng edəndə gələcəyik, amma, gələn yoxdur. Heç olmasa, birinci mərtəbədəki 8 sinif otağının pəncərələrini gətirib salsalar, 1 ci mərtəbəni sentyabrın 15 -də, heç olmazsa, sentyabrın 18-də istifadəyə verək, söz veriblər ki, bu həftənin 2 ci-3-cü günləri gətirib pəncərələri salacaqlar.

Birinci mərtəbədə dəhlizin pəncərələri salınsa da şüşələri salınmayıb. Hazırda icra nümayəndəsindən çox iş icraçısı rolunda iş aparan Fərman Tahirov əvvəldən gətirilən inşaat materiallarından istifadə edərək bacardıqları qədər, sentyabrın 15-ə 1-ci mərtəbəni hazır vəziyyətə salmaq  üçün çalışdıqlarını dedi.

 

Həmişə Zərqava məktəbinin bərpasının getdiyindən narahat olan, mətbuata açıq olan Quba təhsil şöbəsinin müdiri Loğman Müslümovdan  yenə məsələyə münasibət aldıq. Loğman müəllim məktəbdə camaatın qüvvəsilə iş getdiyini təsdiqləyərək bildirdi ki, məktəbi biz tikmirik. Azərbaycan Respublikası Nazirlər Kabineti bu məktəbə pul ayırıb, pulu kim yeyib, kim mənimsəyib? Gəlib cavab versin. Loğman Müslümov Qubanın  icra başçısı Yaşar Məmmədovun tikinti təşkilatının rəhbərinə irad bildirdiyini yenə xatırlatdı. İcra başçısı  tikinti rəsmisinə  bildirmişdi ki, əgər Zərqava məktəbi sentyabrın 15-dək hazır olmasa, barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Məsələ ilə bağlı Zərqava məktəbinin bərpasını "aparan" tikinti təşkilatının rəhbəri Nadir Quliyevlə isə əlaqə saxlaya bilmədik. Onu tapsaydıq, dövlətin ayırdığı 570 min manat vəsaitin məktəbə niyə vaxtında xərclənmədiyini, vəsaitin taleyini soruşacaqdım.

İcra başçısı Yaşar Məmmədovla, onun təhsil üzrə müavini Rəxşəndə Bayramova ilə də yenə əlaqə qura bilmədik. Cavab versəydi, Yaşar müəllimdən soruşacaqdıq ki, Zərqava məktəbinin bərpasını gecikdirən tikinti təşkilatı barədə hansı tədbirlər görüləcək? Axı, ortada külli miqdarda dövlət vəsaitindən gedir.

Aytəkin Alxaslı - İstiPress-in Şimal bürosu