Bakıda iki qardaşın 4 övladı dənizdə batdı

11 Avqust, 2019 11:53 | Sosial | Baxış sayı: 259
Çimərlik
Çimərlik

Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar

Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən 4 azyaşlı uşaq dənizdə batıb. 

İstiPress-ə FHN-dən daxiol olan məlumatda deyilir ki,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub. Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.

Məlumata görə, həmin gün Ramin adlı şəxs həyat yoldaşıyla birgə dənizə gedərkən öz və qardaşı uşaqlarını da aparıb. Ramin də uşaqlarla birgə suda boğulurmuş. Lakin ətrafdakılar onu sudan çıxararaq ölümdən xilas edib. Bu zaman dənizin içində olan uşaqlar isə boğularaq ölüblər.

Qurum rəsmisinin sözlərinə görə, onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar.

Aqşin Əlili xəbərdarlıq edib ki, vətəndaşlar "Çimmək qadağandır" lövhələri vurulmuş çimərlikdə dənizə girməsinlər, uşaqları dənizə nəzarətsiz buraxmasınlar.