Azərbaycanın bu şəhərinə xaricdən 600 rəqqas gəldi

11 İyul, 2019 16:56 | Sosial | Baxış sayı: 240

Beynəlxalq Folklor Rəqs Festivalının bir günü

Azərbaycanda iyulun 8-dən 15-cən keçirilən "Dostluq körpüsü"adlanan 4-cü Beynəlxalq Folklor Rəqs Festivalının iştirakçıları Qubada olublar.

İstiPress-in şimal bürosunun məlumatına görə, Gürcüstan, İran, Qırğıstan və Rusiyadan olan 20 rəqs - folklor kollektivinin 600-ə yaxın üzvü Qubada xüsusi coşqu ilə qarşılanıb.

Quba şəhərindəki Gənclər Mərkəzinin qarşısında qonaqların qarşılanma mərasimi keçirilib. Quba İH başçısının birinci müavini Allahverdi Xudaverdiyev xarici qonaqları salamlayaraq, onları Qubada görməkdən məmnun olduğunu bildirib.  

Quba İH başçısının digər müavini Səidə Abasova iştirakçılara Quba haqda geniş məlumat verib. Bildirub ki, dostluq məqsədi daşıyan festivalın bir gününün Qubada keçirilməsi təsadüfi deyil. Bu rayonda 20-dən artıq millət və xalqın nümayəndəsi mehriban ailə kimi yaşayır. Onların dili, mədəniyyəti, folkloru da ildən ilə inkişaf edir.

Rəqsli-folklorlu qonaqlar Quba şəhərinin görməli, gəzməli yerlərində olub, 1918-ci il etməni vandalizminin qurbanları uyuyan Quba Soyqırım Memorial Kompleksinə baş çəkib, qurbanların ruhunu yad ediblər.

Sonra Quba şəhərindəki Yaşıl Teatrda möhtəşəm rəsq folklor festivalı keçirilib. Çılğın və millilik dolu rəqs nömrələri alqışlarla qarşılanıb. Qeyd edək ki, yeniyetmə və gənclərdən ibarət festivalın Quba günü Təhsil Nazirliyinin, Quba İH-nin və Quba Uşaq-gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Xarici qonaqlara Qubaya məxsus hədiyyələr təqdim edilib. Qədim Quba bir müddət əvvəl isə"Alovlu Qafqaz" Beynəlxalq Yaradıcılıq festivalına ev sahibliyi etmişdi.