Bakıda binanın tikintisi dayandırıldı

11 İyul, 2018 12:33 | Sosial | Baxış sayı: 122
Tikinti
Tikinti

İş adamı icazə almadan 5 mərtəbəli bina üçün çala qazıb

Bakıda qanunsuz tikilən binanın inşaası dayandırılıb. İstiPress-in məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakının 5-ci mikrorayonunun sakinlərindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olub. Komitənin əməkdaşları şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirib, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynovun 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalası qazdığını müəyyən edib. 

Araşdırma nəticəsində məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq, həmin proses başa çatdırılmayıb və Bakı Şəhər İcra Hakimiyyəti sözügedən ünvanda tikintiyə icazə verməyib. Eyni zamanda, tikintinin aparılması məqsədilə hazırlanmış ərazi planlaşdırılması sənədləri müvafiq şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edilib. Belə ki, mövcud 22 və 24 nömrəli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan həyətdə yeni binanın yerləşdirilməsi layihəsində ərazinin tikinti sıxlığı yolverilən göstəricilərdən yüksək hesablanıb, həmçinin mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları və yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması və s. ilə bağlı tələblər gözlənilməyib.

Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinə 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli binaların arasında 5 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı icrası məcburi olan “Göstəriş” göndərilib. Göndərilən sənədə əsasən, hazırda həmin ünvanda tikinti məqsədləri üçün aparılan işlərin dayandırılması, habelə ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə tədbirlər görülməlidir. 

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə gün öncə Nazirlər Kabinetinin iclasında qanunsuz tikililərə şərait yaradan dövlət məmurlarının çox ciddi cəzalandırılacaqlarını bildirmişdi.

"Bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox".