Modul məktəblərin sayı artacaq - prezident sərəncam verdi

11 İyun, 2019 08:25 | Sosial | Baxış sayı: 35
Modul tipli məktəb
Modul tipli məktəb

Bunun üçün Təhsil Nazirliyinə 18 milyon ayırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18 milyon manat vəsait Təhsil Nazirliyinə ayrılıb.

Sərəncamda qeyd olunub ki, son illərdə ölkədə təhsilin inkişafı sahəsində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında 3200-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xeyli dərəcədə genişlənib.