Sabahdan hava dəyişir, külək, yağış qayıdır - XƏBƏRDARLIQ

11 İyun, 2018 14:10 | Sosial | Baxış sayı: 254
Yağmurlu hava
Yağmurlu hava

Temperatur 5 dərəcə aşağı enəcək

Sabahdan ölkə ərazisində hava yenidən soyuyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə  3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

İyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın tutulub-açılacağı, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində iyunun 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 12-də Abşeron yarımadasında norma daxilində olan temperatur rejimi və mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.