Sabah I və IV qruplar imtahan verəcək

11 May, 2019 16:38 | Sosial | Baxış sayı: 129
İmtahan zamanı
İmtahan zamanı

Sənədlərində problem olanlar imtahana buraxılmayacaq

Mayın 12-də I və IV ixtisas qrupları üzrə qəbul  imtahanı keçiriləcək. İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Report"a bildirilib ki, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.