Bakıda 2 rayon 3 qəsəbəsini birləşdirən yol tanınmaz hala düşdü FOTOLAR

11 May, 2019 15:31 | Sosial | Baxış sayı: 116
Yol
Yol

Sözügedən yolun uzunluğu 5,1 km-dir

Bakı şəhərinin mühüm nəqliyyat arteriyası hesab olunan yolların yenidən qurulması işləri davam etdirilir. Bu çərçivədə paytaxtın 2 rayonun 3 qəsəbəsini birləşdirən mərkəzi yolun yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Sabunçu rayonu Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu yeni və müasir görkəmdə yenidən qurulub. Sözügedən yolun uzunluğu 5,1 km-dir. Yolun 1,6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3,5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.

"Bakı şəhərinin iki rayonun Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yol sözügedən qəsəbələrdə yaşayan vətəndaşların istifadə etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi. Çünki yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu".

Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.