Bakıda kütləvi ölüm təhlükəsi

11 May, 2018 14:57 | Sosial | Baxış sayı: 333
Bakıda natəmiz hava
Bakıda natəmiz hava

Dəm qazı 12 dəfə çox olub

Mayın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar havada qaz qarışıqlarının normadan yüksək olmasına və atmosfer havasının monitorinqinə dair mətbuat konfransı keçirilib.

İstiPress-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ictimai-iaşə obyektlərinin fəaliyyəti zamanı ayrılan tüstünün, qazların və iy-qoxunun yayılması nəticəsində atmosfer havasının zərərli maddələrin təsirinə məruz qaldığını, bunun isə insanlara mənfi təsir etdiyini bildirib. Qeyd edilib ki, bununla bağlı vətəndaşlardan nazirliyə çoxsaylı müraciətlər daxil olub və araşdırma komissiyası fəaliyyətə başlayıb.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisi Cəlair Səmədov komissiya tərəfindən Bakı şəhərinin inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai-iaşə obyektlərinin fəaliyyət göstərdiyi müddətdə onların ətraf ərazilərində monitorinqlər aparıldığını, atmosfer havasında zərərli qaz birləşmələrinin miqdarının ölçülməsi məqsədilə hava nümunələri götürüldüyünü deyib. "Nümunələr üzərində aparılmış fiziki-kimyəvi analizlərin nəticələri göstərib ki, atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır. Belə ki, dəm qazının - karbon-monooksidin miqdarı normadan 12, kükürd dörd oksidin miqdarı isə 4 dəfə çox olub. Bu da insanlarda diskomfort yaradır, onların sağlamlığına mənfi təsir göstərir", - deyə C.Səmədov diqqətə çatdırıb.