Quba-Xınalıq yolu qismən açıldı

11 Aprel, 2019 20:56 | Sosial | Baxış sayı: 236
Quba Xınalıq yolu təmizlənir
Quba Xınalıq yolu təmizlənir

7 kəndin rayon mərkəzilə əlaqəsi kəsilib

Axşam saat 20 radələrində Quba-Xınalıq yolunun bağlanmış 36-cı km-liyində yol açılıb. Ərazidə  Xınalıq və əks istiqamətə getməli olan və orada yığılıb qalmış nəqliyyat vasitələri yola salınıb və yol yenidən bağlanıb.

Çünki sürüşmə getdiyindən yolda təhlükəli vəziyyət davam edir və səhər saatlarında sürüşmə dayanan kimi bərpa işlərinə başlanılacaq

16:56

Bir müddət əvvəl qar uçqunu səbəbindən bağlanmış Quba-Xınalıq yolu bu gün yenidən bağlanıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, 7 kəndin rayon mərkəzilə əlaqəsi kəsilib. Bu barədə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol istismar MMC-nin direktoru Gülağa Əliyev yolun bağlanmasına  60 tondan  çox çəkisi olan iri qaya parçasının yola düşməsinin səbəb olduğunu deyib.

Onun sözlərinə görə, yola xeyli sayda daş parçaları da sürüşüb gəlib və yol tamamilə bağlanıb. Gülağa Əliyev qeyd edib ki, hazırda Quba - Xınalıq yolunun bağlanmış 36-cı km-də sürüşmə aktivliyi müşahidə olunduğundan yolun açılmasına başlamaq mümkün olmayıb.

Əraziyə lazımi texnika və işçi qüvvəsi cəlb olunub, sürüşmə dayanan kimi daşların və qaya parçasının təmizlənməsinə başlanılacaq.