Müəllimlər tətilə görə maaş alacaqlar? RƏSMİ

11 Mart, 2020 08:09 | Sosial | Baxış sayı: 1711
Müəllim
Müəllim

Təhsil naziri dərs ilinin yayda uzadıla biləcəyindən danışıb

"Biz buraxılmış dərslərin əvəzlənməsi və bərpası ilə əlaqəli müxtəlif versiyaları nəzərdən keçiririk". Bunu təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirindəki çıxışı zamanı bildirib. 

Nazirin sözlərinə görə, tədris müddətinin bərpasının ardından nazirlik mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda tədrislə əlaqəli yekun təkliflərini hazırlayıb hökumətə təqdim edəcək.

C.Bayramov tədris ili ilə əlaqəli qərarların qəbulunun hökumətin səlahiyyətində olduğunu əlavə edib.

Nazir təhsil müəssisələrinin işçilərinin maaşlarına da toxunub. O, qeyd edib ki, işçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əməkhaqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub.

"Bizim insanların əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir. Ona görə də hesab edirəm ki, əməkhaqqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək".

Xatırladaq ki, təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiya işlərinin daha da intensiv aparılması məqsədilə ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi 3-9 mart tarixlərində müvəqqəti dayandırılıb. Daha sonra tətil günləri artırılıb və martın 27-dək olub.