Azərbaycanda həkimlərdən ilk

11 Fevral, 2019 12:23 | Sosial | Baxış sayı: 77
Əməliyyat
Əməliyyat

Sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib

Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər. Belə ki, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.

Universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayevin sözlərinə görə, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilirdi. Tətbiq olunan əməliyyat üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur: “Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində idi. Buna görə də hər an qanama təhlükəsi ilə üzləşə bilərdik. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Həmin cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.

Həkimin sözlərinə görə, bəzən həmkarları bu kimi mürəkkəb cərrahi əməliyyatların icrasının xarici ölkələrdə etdirilməsini tövsiyə edirlər. 

Torakal cərrah gənc olmasına baxmayaraq, təcrübəsi, xaricdə aldığı təhsil və iştirak etdiyi elmi-praktik seminarlar sayəsində öz sahəsinin mütəxəssisi adını doğruldur. Tibb elmləri namizədi olan Arif Ağayev etdiyi bu və ya buna bənzər digər riskli və eyni zamanda, uğurlu əməliyyatlarla Azərbaycan səhiyyəsində yeni ümidverici yol açır.

Arif Ağayev ölkəmizdə torakal cərrahiyyə sahəsində bir sıra ilklərin də müəllifidir.