Azərbaycanlılar üçün yeni təhlükə

11 Yanvar, 2018 16:47 | Sosial | Baxış sayı: 317
Təcili yardım
Təcili yardım

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

İstiPress-in məlumatına görə, müraciətdə qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasının dəm qazı təhlükəsi yaratdığı qeyd olunub. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir: qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında havalandırma borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

“Yadda saxlamaq lazımdır ki, dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətləri başağrısı, başgicəllənməsi, ürəkbulanması, halsızlıqdır. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə FHN-in müraciətində bildirilib.