Bu rayona da gecə avtobusu ilə getməyə icazə verildi

10 Oktyabr, 2019 12:30 | Sosial | Baxış sayı: 226
Avtovağzal
Avtovağzal

Avtobuslar gələn həftədən işə düşür

Daha bir istiqamət üzrə gecə hərəkət edəcək avtobus reysləri açılır. Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, Şəki istiqamətində də artıq gecələr avtobus işləyəcək. Gecə reysləri oktyabrın 18-dən işə düşəcək. 

N.Allahyarova qeyd edib ki, əslində mart ayından tez Şəki-Zaqatala-Baləkən istiqamətində reysləri işə salmamaq nəzərdə tutulub. Lakin DANX sərnişinlər arasında sorğu keçirib və bu sorğunun nəticəsində Şəki istiqamətində də reyslərin bərpasına qərar verilib. 

Məlumata görə, Şəki üzrə hərəkət hər iki istiqamətdə 23:30-da baş tutacaq. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda "avtovagzal.az" saytından əldə edə bilərlər.

Xatırladaq ki, 2010-cu il mayın 6-dan etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilmişdi. 9 il öncə qadağan edilən gecə reysləri oktyabrın 1-dən bərpa edilib. İlk reyslər Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus “Neoplan” avtobusları ilə həyata keçirilir.