Yollarda bir ilk - Sarı torlar Bakını xilas edəcək?

10 Oktyabr, 2018 10:22 | Sosial | Baxış sayı: 333
Sarı tor
Sarı tor

"Onun əli və dili yoxdur ki, üstünə çıxıb dayanan avtomobili kənara itələsin"

Paytaxt Bakının yollarındakı sıxlıqları, tıcxacları azaltmaq üçün S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən yeni nişanlanma xətti – sarı tor barədə müzakirələr davam edir. Görəsən bu torlar doğurdanda deyildiyi kimi yollardakı gərginliyi aradan qaldırmağa kömək edə biləcəkmi? 

İstiPress-in məlumatına görə, bu suallara nəqliyyat üzrə ekspert Ərşad Hüseynov aydınlıq gətirib. Onun sözlərinə görə, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir. Bu sarı tor YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür.

"Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinliklər çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək".

Ekspret düşünür ki, sarı tor özlüyündə tıxacın qarşısını almayacaq, çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücsünə desin ki, gəlmə, dur, gözlə. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın.

"Əgər normal sürətlə satabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz. Əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır. Bu halda svetoforlu yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə svetoforla hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. Svetofor olmayan yerdə isə elə etməlisiniz ki yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz".

Onun sözlərinə görə, sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox,  YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmaqğa görə  (60 manat və 3 bal) cərimələnə bilər.

Ərşad Hüseynov - Nəqliyyat məsələləri üzrə ekspert
Ərşad Hüseynov - Nəqliyyat məsələləri üzrə ekspert