Tarix kitabına Ermənistan xəritəsini kim saldı?

10 Oktyabr, 2017 08:55 | Sosial | Baxış sayı: 263
Ermənistan xəritəsi olan dərslik
Ermənistan xəritəsi olan dərslik

Təhsil Nazirliyinin dəsrlik şurası “Dənizdən-dənizə Böyük Ermənistan” xəritəsindən xəbərsizdir

“Xəritənin dərsliyin rus variantına daxil edilməsini xoşagəlməz ictimai-siyasi nəticələr doğura biləcək kobud elmi-tarixi səhv hesab edirəm. Ancaq bunun məkrli məqsədlərlə edildiyini də istisna etmirəm”.  İstiPress-in məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ölkəmizdə dərsliklər dövlət dilimiz olan Azərbaycan dilində yazılır, sonra isə müvafiq dillərə tərcümə edilir: “Bütün variantlarda verilən fotoşəkillər, sxemlər, xəritələr və s. də eyni olur. Burada fərq ola bilməz, ümumi qayda belədir.  Yaranmış qeyri-normal şəraitdə bir neçə ciddi sual yaranır: dərsliyin orijinalı olan Azərbaycan dilindəki və tərcümə edilmiş gürcü dilindəki variantlarında həmin üzdəniraq, qondarma xəritə olmadığı halda rus variantına necə daxil edilib? Bu işi kim, hansı məqsədlər üçün edib? Axı, həm dərsliyi yazanlar, həm də Təhsil Nazirliyi tarixdə "Böyük Ermənistan" adlı dövlətin olmadığını yaxşı bilirlər. Dərslik işi ilə məşğul olan peşəkarlar da yaxşı bilirlər ki, dərslik yazılması və nəşrində qəbul edilmiş ümumi bir qayda var: dərsliyin bütün dillərdə olan variantlarının elmi redaktorları nəşrə gedən varianta (həm mətnə, həm şəkillərə, həm sxemlərə, həm də xəritələrə və s.) tarixi göstərib, imza atmayınca heç bir nəşriyyat onu qəbul etməz və nəşri üçün məsuliyyəti öz üzərinə götürməz”.

Onun sözlərinə görə, Təhsil Nazirliyi  mövcud halı ciddi şəkildə araşdırmalı və digərlərinə ibrət olmaq, gələcəkdə belə kobud səhvlərə yol verməmək üçün təqsiri olanları sərt şəkildə cəzalandırmalı, dərslik yazılması üçün keçiriləcək tender prosesinə yaxın buraxmamalıdır.

Təhsil Nazirliyinin “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şurasının üzvü, professor Şahlar Əsgərov məsələ ilə bağlı APA-ya bildirib ki, sözügedən dərsliyin çap olunmasından şuranın xəbəri olmayıb: “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şura yeni təşkil olunub, üç aydır işləyir. Həmin şuranın təşkil olunmasında məqsəd odur ki, bu cür səhvlər dərsliklərdə getməsin. Mən bilmirəm o dərsliyin çapa getməsinə kim qol çəkib. Hamı günahkardır. Dərsliyi oxumamış ona qol çəkmək olar? Əgər bunu texniki səhv kimi qəbul ediriksə, gərək onu düzəldək. Amma kimsə də cəza almalıdır ki, bir də belə olmasın. Şifahi tənbeh də cəzadır. Jurnalistlərin etirazları da müəllif üçün cəzadır".

Qeyd edək ki, X sinif “Azərbaycan tarixi" dərsliyindəki xəritədə Türkiyə, Gürcüstan və Azərbaycan ərazisinin bir hissəsi “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin tərkibi kimi göstərilib.

Dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.