Sabah leysan yağacaq, temperatur 6° enir - XƏBƏRDARLIQ

10 Oktyabr, 2017 13:09 | Sosial | Baxış sayı: 414
Yağışlı hava
Yağışlı hava

Soyuq və yağışlı hava oktyabrın 13-dək davam edəcək

Sabah leysan yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında oktyabrın 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.