Azərbaycanda ən məşhur fakültələrinin balları açıqlandı

10 Avqust, 2019 12:38 | Sosial | Baxış sayı: 267
İmtahan
İmtahan

DİM sədri bu il 600 baldan yuxarı nəticələrin çox olmadığını deyib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını açıqlayıb.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyidir. Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın bu ilki keçid balı 522,3 bal olub.

II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan Maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olubsa, bu il il sonuncu qəbul olan şəxs 643,4 bal toplayıb. 

III qrupda Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464.6 toplayan abituriyent qəbul olub. 

IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən Müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub. Həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.

Bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb.