Bu gün Yel çərşənbəsidir

10 Mart, 2020 08:15 | Sosial | Baxış sayı: 29
Novruz çərşənbəsi
Novruz çərşənbəsi

Əsən isti küləklər yazın gəlişindən xəbər verir

Bu gün Azərbaycanda üçüncü - Yel çərşənbəsi qeyd olunur. Xalq arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi də tanınır.

Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır. Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

Çərşənbə inancları:

- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər.
- Yeli əsdirəni söyməzlər.
- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər.

Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. 

2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək.

2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.