Qar yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

10 Mart, 2018 13:15 | Sosial | Baxış sayı: 836
Qarlı hava
Qarlı hava

Qış havası martın 13-nə kimi davam edəcək

Sinoptiklər istirahə günü gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, martın 12-si gündüzdən 13-ü səhərədək bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi martın 12-də arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.