Birinci vitse-prezident xəstə uşaqları sevindirdi FOTOLAR

10 Mart, 2018 09:30 | Sosial | Baxış sayı: 90
Mehriban Əliyeva Talassemiya Mərkəzində
Mehriban Əliyeva Talassemiya Mərkəzində

Mehriban və Leyla Əliyevalar Talassemiya Mərkəzinə gediblər

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar. Mehriban Əliyevaya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi barədə məlumat verilib.

Azərbaycan Prezidentinin imzaladığı müvafiq Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilməsinin Mərkəzin fəaliyyətinin genişləndirilməsi və talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onların müalicəsinin gedişi ilə maraqlanıb.

Mehriban Əliyeva səhiyyə və sosial məsələlərin Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil etdiyini, bu baxımdan da talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verdiyini bildirib.