Prezident evsizləri sevindirdi - hər il 6 min ailəyə ev veriləcək

09 Oktyabr, 2019 10:04 | Sosial | Baxış sayı: 78
"Qobu Park-2"
"Qobu Park-2"

Ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin də problemləri həll olunacaq

"Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk". Bunu prezident İlham Əliyev məcburi köçkünlər üçün tikilən kompleksin açılışında deyib. 

O, qeyd edib ki, "Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilib. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və “Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi – yaşayış üçün bütün lazımi şərait yaradılıb. "Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, – onların da problemləri həll olunacaq".