BDU üç beynəlxalq reytinq siyahısında yer alıb

09 Oktyabr, 2018 18:42 | Sosial | Baxış sayı: 90
BDU
BDU

Bakı Dövlət Universiteti Azərbaycanın ən güclü ali məktəbi sayılıb

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb. Dünyanın 20 min top universitetini araşdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib. 

İstiPress-in məlumatına görə, 2018-ci il sentyabr ayının nəticələrinə əsasən Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+ yerdə qərarlaşıb.  Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

https://www.topuniversities.com/university-rankings/world-university-rankings/2019

Bununla yanaşı, Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq cədvəlində yer tutub. Belə ki, “Round University Ranking” Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, BDU bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 762-ci yerlə Azərbaycandan reytinqə düşən növbəti universitetdir. Bu reytinqdə universitetlər dörd istiqamətdə qruplaşdırılmış 20 indikator üzrə  qiymətləndirilir: tədrisin  keyfiyyəti (40% ), tədqiqatların keyfiyyəti  (40%) beynəlmiləlləşdirmə (10%), maliyyə sabitliyi 10%).

http://roundranking.com/ranking/world-university-rankings.html#world-2018

Bakı Dövlət Universiteti, eyni zamanda, dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən “Webometrics”in 2018-ci il  reytinq cədvəlinə də düşüb. BDU (3656) Top-5000 universiteti siyahısında yer alıb. BDU-dan sonra Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universiteti müvafiq olaraq 5817 və 6495-ci yerlərdə qərarlaşıblar.

http://www.webometrics.info/en/Europe/Azerbaijan