Bakıda 29 minlik evlərin satışı başlayır

09 Sentyabr, 2019 10:19 | Sosial | Baxış sayı: 272
Yasamal Yaşayış Kompleksi
Yasamal Yaşayış Kompleksi

Elektron kabineti olan vətəndaşlar bankdan ilkin razılıq qərarı almalıdırlar

Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşların nəzərinə! Tezliklə MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək. Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə (yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin edən vətəndaşlar), həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. 

Bununla əlaqədar olaraq, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu davam etdirilir.

Mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;
agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Qeyd edək ki, güşəztli kateqoriya üçün tikilən binaların ilk olaraq ipoteka şərtləri ilə satışı nəzərdə tutulub. Lakin son satış zamanı öncə öz vəsaiti hesabına almaq istəyənlər üçün evlərin satışı başlayıb. 243 ailə ilk dəfə olaraq yeni qayda ilə güzəştli mənzilə sahib olub. “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 253 mənzildən 243-nün öz vəsaiti hesabına ödəniş üsulu ilə alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 29-u 14 iyulda “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir.

Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 26 933 manat (endirimdən əvvəl bu məbləğ 29 925 manat olmuşdur);

2 otaqlı mənzil üçün 42 887 manat (endirimdən əvvəl bu məbləğ 47 652 manat olmuşdur);

3 otaqlı mənzil üçün 58 875 manat (endirimdən əvvəl bu məbləğ 65 417 manat olmuşdur) ödəniş ediblər. 

Qalan 10 mənzil yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elanda digər mənzillərlə birlikdə yenidən satışa çıxarılacaq.