Bakıda leysan fəsadlar yaratdı

09 Avqust, 2019 08:53 | Sosial | Baxış sayı: 144
Yağışlı hava
Yağışlı hava

Səhərdən başlayan leysan iri gölməçələr yaradıb

Bakıda başlayan güclü yağış paytaxtda problem yaradıb. Səhər saatlarından güclü göy gurultusu və ildırımla müşayiət edilən yağış bəzi küçələrdə gölməçələrin yaranmasına səbəb olub. Bəzi yollarda yaranan su yığıntıları maşaınların və ictimai nəqliyyatın hərəkətində d problem yaradıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında da bu gün şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq  küləyi əsəcək.

Ölkə ərazisində avqust ayı üçün xarakterik olmayan hava şəraiti bir neçə gündür davam edir. Həftənin əvəllində müşahidə edilən güclü külək paytaxtda ciddi fəsadlara yol açmışdı. Küləyin təsirindən onlarla ağac qırılaraq yollara düşüb, evlərin dam örtükləri uçub. 

Sinoptiklərin proqnozuna görə, şənbə günü temperatur cüzi artsa da, bazar günündən hava yenidən soyuyacaq. Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir.Havanın temperaturu aşağı enəcək.

Son 15 il ərzində belə anoloji hava şəraiti 2010 və 2013-cü illərdə müşahidə olunub və intensiv yağış yağıb.