Məmurlar zibili yox, pulu təmizlədilər

09 Avqust, 2018 16:58 | Sosial | Baxış sayı: 308
Xudatda qalaqlanan zibillər
Xudatda qalaqlanan zibillər

Bu gündən Xaçmaz icra hakimiyyətinin Xudat şəhər icra nümayəndəliyinin tərkibində olan yaşıllaşdırma və təmizlik idarəsinin 56 nəfər işçisi işə çıxmaqdan imtina edib, idarənin iş ritmi, iş ahəngi pozulub.

İstiPress-in şimal bürosuna bu barədə Xudat şəhər icra nümayəndəsi Akif Mərdanov məlumat verib.

Mer bildirib ki, Xudatda yaşıllaşdırma və təmizıik idarəsi 2012-ci ildə yaradılıb və özü isə 2014-cü il fevral ayının 26-da bu vəzifəyə təyin olunub. Onun sözlərinə görə, nümayəndəliyin hesabındakı 6000 manat vəsait avqustun 8-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinib.

Akif Mərdanov deyir ki, 5-cı ildir Xudat icra nümayəndəsi vəzifəsindədir, Sosial Müdafiə Fondu tərəfindən yaşıllaşdırma idarəsinin borcu olması barədə ona rəsmi və qeyri-rəsmi hər hansı məlumat daxil olmayıb və bu gündən qurumun işçiləri işə çıxmağa etiraz ediblər: "Yanacaq pulları da silinib, zibil daşıyacaq, şəhər küçələrini sulayıb təmizləyəcək maşınlar yanacaqsız necə çıxsın işə?İflic vəziyyətidir indi. Yayın bu isti günündə şəhərin təmizliyi antisanitariya ilə əvəz olundu,gələn turist və qonaqların qarşısına utancverici halla çıxacağıq bu gündən".

Xudat meri Akif Mərdanovun sözlərinə Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin rəis əvəzi Ceyhun Süleymanov da mövqe bildirib. Ceyhun Süleymanov məlumat verdi ki, burda qanunsuz heç nə yoxdur: "Xudat yaşıllaşdırma və təmizlik idarəsinin 2012-ci ildən bu günə borcu yığılıb qalıb. Qurum 56 nəfər işçisinin gələcəkdə pensiya alması üçün ödəməli olduğu 25 faiz köçürmələri Dövlət Sosial Fonduna köçürməyib. İdarənin mühasibi 3 aydan bir Sosial Müdafiə Fonduna hesabat verir, bu, köçürmələrin olduğu hesabatda qeyd olunur mütləq. Bunu icra nümayəndəsi necə bilməyə bilər?" - deyə Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz şöbəsinin rəis əvəzi Ceyhun Süleymanov bildirib.

Onun sözlərinə görə, məcburi silinmələr Fondda - mərkəzləşdirilmiş qaydada aparılır, təxminən 6 min manat vəsait silinib.