Külək, leysan nə vaxtadək davam edəcək? XƏBƏRDARLIQ

09 Avqust, 2018 12:55 | Sosial | Baxış sayı: 225
Yağışlı hava
Yağışlı hava

Daşqın və sel gözlənilir

Bakıda və Abşeron yarımadasında avqustun 12-dək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 12-dək Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli  intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Avqustun 10-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində avqustun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında avqustun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.