Şimalda kütləvi susuzluq - FOTO

09 Avqust, 2017 15:37 | Sosial | Baxış sayı: 256
Susuzluq
Susuzluq

Samur-Abşeron kanalı niyə quruyub?

Yayın ən isti günlərində havanın ən yüksək temperaturu şimal rayonlarında ciddi suvarma suyu problemi yaradıb. Bu barədə İstiPress-in şimal bürosuna Şabranın Dəvəçikənd yaşayış massivində "Türklər məhəlləsi"ndə yaşayan sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, dolanışıqları həyətyanı sahələrində və özəl torpaqlarında əkdikləri tərəvəz və bostan bitkilərindən çıxır. Amma, son 10 gündür ki, əkdikləri məhsul sahədə susuzluqdan məhv olur, çəkdikləri zəhmət və becərmə xərci də heç olub getməkdədir.

Sakinlərin sözlərinə görə, tezliklə sahələrə Samur-Abşeron kanalından su buraxılmazsa, məhsuldan onlara heç bir pay düşməyəcək, tamamilə yanıb tələf olacaqlar. Sakinlər onu da bildirdilər ki, məsələ barədə Şabran icra hakimiyyətinə də məlumat veriblər.                

Şabran icra başçısının 1-ci müavini Mehdi Balabəyov faktı təsdiqlədi. O sakinlərin əkin sahələrinə suyun verilməməsini şimal rayonlarını suvarma suyu ilə təmin edən Samur-Abşeron kanalının susuz olması ilə əlaqələndirdi. Sakinləri haqlı sayan icra rəsmisi bu problemin rayon ərazisində bu kanaldan qidalanan bütün ərazilərdə mövcud olduğunu dedi.                        

Qeyd edək ki, Samur Abşeron kanalına su mənbəyini dağlardan alan Samur çayından ötürülür. Qusar suvarma sistemləri idarəsinin rəisi Məzahir Əzizov Samur çayında da quraqlıq səbəbindən suyun lap az olduğunu bildirdi. Onun sözlərinə görə, Rusiya ilə sərhədin ortasında yerləşən Samur çayından su 5 kub metr Azərbaycana, 5 kubmetr Rusiyaya, çirklənmənin qarşısını almaq üçün 3 kubmetr də Xəzər dənizinə verilir. Havaların normadan artıq qızmar keçməsi Samur çayında ciddi azalmaya gətirib çıxarıb. Rayonlara suvarma suyu bu səbəbdən çox az verilir.                        

Analoji problem Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızının Samur-Abşeron kanalı boyunca yerləşən yaşayış massivlərində də yaşanır. Təbii hava şəraiti ilə bağlı olan problemin həlli yalnız hazırda göydən bir damcı belə düşməyən havanın nisbətən sərinlənib yağıntı düşməsindən sonra mümkün olacaq. Ona qədər isə kanaldan hər rayona düşən suvarma suyunu az olsa belə düzgün paylaşdırılmalıdır.                        

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu