Bu da "Sovetski"nin yeni vəziyyəti FOTOLAR, YENİLƏNİB

09 Avqust, 2017 10:47 | Sosial | Baxış sayı: 660
"Sovetski"də salınan yol
"Sovetski"də salınan yol

İlham Əliyev təmirdən çıxan yolları açdı

Bu gün Bakaının məşhur "Sovetski" məhləsi kimi tanınan ərazisində salınan yeni yolların açılışı olub. Prezident İlham Əliyev yeni yolların rəmzi açılışını bildirən lenti kəsib.

Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb. Paytaxt əhəmiyyətli bu layihənin icrası zamanı su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyaların tikintisi həyata keçirilib. 5,7 kilometr uzunluğunda drenaj xətti çəkilib, onun üzərində 149 quyu və uzunluğu 1,5 kilometr olan mərkəzi kanalizasiya kollektoru tikilib. Bundan əlavə, 2,6 kilometr uzunluğunda qaz xətti, 5,7 kilometrlik su xətti və abadlaşdırılmış ərazidə 510 metr uzunluğunda ehtiyat keçidlər inşa olunub. Yenidən qurulan yolların üzərində 9 yerdə avtobus dayanacağı quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Prospekt və küçələrdə fiziki qüsurlu insanların da rahat hərəkəti üçün panduslar qurulub.

Daha sonra prezident yenidən qurulan “Statistika” dairəsində görülən işlərlə tanış olub. Dövlət başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, yenidənqurma işlərinin ən əhəmiyyətli hissəsi Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairənin ləğv olunmasıdır. Bu, hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunmasına geniş imkanlar açıb. 

Prezident açılışda
Prezident açılışda

Saat 10:05

Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yol açılışı olub. Açılışda prezident İlham Əliyev də iştirak edib.

“Sovetski” ərazisində Statistika dairəsi, Nəriman Nərimanov prospekti və Abdulla Şaiq küçəsi açılıb. 

Xatırladaq ki, bu ilin may ayında "Sovetski" də tikilən bəzi küçələr istifadəyə verilmişdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olmuşdu.

Layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib.