Polis maskasız gəzənlər arasında maarifləndirmə aparıb

09 İyul, 2020 13:43 | Sosial | Baxış sayı: 120

Qusarda koronavirusa qarşı görülən mübarizə tədbirləri son günlər daha da gücləndirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları respublika Operativ Qərargahının irəli sürdüyü tələb və vəzifələri yerində yoxlamaq üçün növbəti dəfə reyd keçiriblər.

Şəhər ərazisində keçirilən reyd zamanı maskasız gəzən, sosial məsafə saxlamayan sakinlər arasında maarifləndirmə və izahat işləri aparılıb. Rayon ərazisinə icazəsiz daxil olan və istirahət məqsədi ilə gələn digər regionların sakinlərinə isə xəbərdarlıq edilib.

Polis əməkdaşları virusdan qorunmağın yeganə yolunun maska -qoruyucu vasitələrdən müntəzəm istifadə etmək, sosial məsafə saxlamaq, kütləvi toplantılardan uzaq olmaq olduğunu bir daha sakinlərin diqqətinə çatdırıblar.

Qusar sərhəd rayonu olduğundan Rusiyadan gələn vətəndaşlarla ünsiyyət zamanı ehtiyatlı davranmaq da tövsiyə edilib.