Bakı Slavyan UniversitetininTəcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov Ukraynanın N.V.Qoqol medalına layiq görülüb.
İstiPress-in məlumatına görə, azərbaycanlı dilçi alim bu yüksək mükafata Azərbaycan, İran və Ukraynada rus dilinin qorunub saxlanması və inkişafına və Azərbaycan və Ukrayna arasındakı mədəni əlaqələrin inkişafındakı mühüm şəxsi xidmətlərinə görə təltif edilib.
Yaşar Alxasov 40 ildən artıqdır ki, rus dilinin tədrisi, konfrans, dəyirmi masa, seminarların təşkili, məktəb və universitetlər üçün normativ sənədlər, proqram, dərs vəsaitlərinin hazırlanması ilə, yəni rus dilinin təlimi, təbliği və təşkili işləri ilə məşğuldur. Xarici vətəndaşlar üçün bir sıra dərslik və lüğətlərin müəllifi olan Yaşar Alxasov Azərbaycan, İran və Ukraynada rus dilinin geniş təbliği sahəsində xüsusi xidmətləri var.
Qeyd edək ki, N.V. Qoqol medalı 2012-ci ildən Ukraynanın rus dili mütəxəssislərinə "Ukraynada rus dilinin qorunub saxlanəlması və inkişafındakı töhfələrinə görə verilir. Təltif edilənlər sırasında Moldova, Finlandiya, Rusiya və s. ölkələrin alimləri də var.
Məlumat üçün bildirək ki, Yaşar Alxasov bir müddət əvvəl, 2019-cu ilin dekabrında Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosasiyasının Puşkin medalına layiq görülüb. Sözügedən medalı Bakı Slavyan Universitetində qurumun baş katibi Natalya Brunova təntənəli şəkildə azərbaycanlı alimə təqdim edib.
Azərbaycanlı alim iyunun 6-da rus dilinin təbliği ilə bağlı daha bir beynəlxalq tədbirə qatılıb. Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Asssosasiyası, Altair Akademiyası və əl-Farabi adına Qazaxıstan Milli Universitetinin birgə təşkilatçılığı ilə Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə və Qırğıstan alim və müəllimlərinin iştirak etdiyi vebinarda çıxış edib.
Vebinar iştirakçılarını Rusyanın Qazaxıstandakı səfirliyinin müşaviri Aleksey Koropçenko və əl-Farabi adına Qazaxıstan Milli Universitetinin professoru Eleonora Süleymenova salamlayaraq təbrik edib. Beynəlxalq vebinarda Puşkin yaradıcılğının gənc biliciləri söz deyənləri arasında qazax məktəblilərlə yanaşı, azərbaycanlı şagirdlər də olub. Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin 6-cı və 3-cü sinif şagirdləri Murad və Elmir Alxaslıların çıxışları maraqla qarşılanıb.
Qırğız qazax, türk və azərbaycanlı alimlərin məruzələri də Puşkinin doğum gününə xüsusi töhfə olub. Bakı Slavyan Universitetinin dosenti Yaşar Alxasovun çıxışında Bakı Slavyan Universitetinin fəaliyyəti, onun Azərbaycanda və diğər ölkələrdə Puşkin dilinin təbliğundəki rolundan söz açılıb.
Məlumat üçün bildirək ki, böyük rus şairi A.S.Puşkinin doğum günü, iyunun 6-sı hər il -Beynəlxalq Rus Dili Günü kimi qeyd edilir. Həmin gün dünyanın Puşkinsevərləri bir yerə yığılır, dahi şairin yaradıcılığına nəzər salır və şeirlərini oxuyurlar. Puşkinin anım günü bu il koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən beynəlxalq tədbir onlain keçirilib.