Sehrli əllərlə hərəkətə gələn xəstə ayaq

09 Aprel, 2018 18:56 | Sosial | Baxış sayı: 459
Fərid Muradov xəstəxanada
Fərid Muradov xəstəxanada

Adətən, həkimlərdən çoxu narazılıq edir ki, pullu xidmət edirlər, pulla müalicə edirlər. Bəs, pulsuz müalicə edənlərdən necə? Az danışırıq, az yazırıq, etiraf etmək lazımdır.

Düzdür,ölkəmizdə dövlət xəstəxanalarında müayinə və müalicə pulsuzdur. Amma bunu da etiraf edək ki, hər xəstəxanada buna əməl eləmirlər. Bu günlərdə təsadüfən eşitdim ki, Qusar rayon mərkəzi xəstəxanasında əlil bir oğlan əməliyyat olunub. Şabranın Uzunboyad kənd sakini, 29 yaşlı Fərid Muradov xoş bir təsadüf nəticəsində illərdir həyata keçirə bilmədiyi əməliyyatını etdirib:

"Uşaqlıqdan sümük və əsəb xəstəliyim olub, 8-9 yaşıma çatanda artıq sağ ayağımda qısalıq yaranmışdı, axsayırdım, ayağımı çəkirdim. Uzun illər ailə vəziyyətimə görə müalicə oluna bilmirdim və həyatımla, belə yaşayıb gəzməyimlə barışmışdım", - Fərid deyir ki, bir gün Qubaya getmişdim, yol kənarında durub fikirləşirdim ki, ayağım necə olacaq, çoxdandı ağrı verməyə başlamışdı sağ ayağım.

Fəridi fikir-xəyaldan yanında dayanan avtomaşında olan bir nəfərin "ayağına nolub?- deyə soruşması ayırıb. Fərid Muradovun sözlərinə görə, tanımadığı adamın xoş sifətlə soruşmasından ürəklənib və ayağının vəziyyətini ona danışıb. Həmin adam isə ona "1-ci gün Qusar rayon mərkəzi xəstəxanasına gəl"- deyib.

Ayağından əziyyət çəkən cavan oğlanla danışan Quba şəhər sakini, Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Zeynalov olub. Baş həkimin göstərişilə 1-ci gün Qusar xəstəxanasına gələn Fərid Muradovu sağ ayağından travmatoloq Murad Şahvələdov əməliyyat edib. Müsahibim deyir ki, 20 ildən artıq idi ki, sağ ayağı əyri və hərəkətsiz olub, əməliyyatdan sonra ayağının əyriliyi düzəlib. Bu günlərdə Qusar rayon mərkəzi xəstəxanasında ayağının qısalığını aradan qaldırmaq üçün növbəti dəfə əməliyyat ediləcəyini söyləyən şabranlı gənc Qusarın baş həkimi Mübariz Zeynalova, travmatoloq Murad Şahvələdova xüsusi təşəkkür etdi: "Mübariz həkimə təşəkkür eləməyim azdır, çox sağ olsun. Xəstəxanada 20 qəpiklik bintin belə pulunu verməmişəm, çox sevinirəm ki, belə bir xeyirxah həkim insana rast gəlmişəm"

Şabrandan gəlib Qusarda şəfa tapan Fərid Muradov bütün həkimlərin Mübariz Zeynalov kimi savab işlər görən həkim olmasını arzuladı. Deyir ki, belə həkimlərimiz çox azdır...

Əlillikdən 20 ildən çox əziyyət çəkən bir gənci xəstəliyin caynağından alan Mübariz Zeynalova isə tək bir söz deyilə bilər: "Sükanı belə saxlayın, Mübariz həkim".

Aytəkin Alxaslı 

Fərid Muradov xəstəxanada
Fərid Muradov xəstəxanada