Tətil mayın 1-nə kimi uzadıldı? RƏSMİ

09 Mart, 2020 08:58 | Sosial | Baxış sayı: 583
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Təhsil Nazirliyi xəbərdarlıq etdi

Nazirlər Kabinetinin Sərəncamına əsasən, ölkədə koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Bu sərəncamın icrası məqsədilə Təhsil Nazirliyi bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırıb.

Lakin ötən gün tədris müəssisələrində tətilin may ayının 1-nə kimi uzadılması barədə qərar verdiyi barədə informasiya yayılıb. Hətta Təhsil nazirliyinin internet səhifəsində müvafiq elanın yer aldığı görüntü də sosial şəbəkələrdə yayılıb. Baş verənlərdən sonra Təhsil Nazirliyi rəsmi açıqlama yayıb. 

"Nazirlər Kabinetinin Operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında güya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat yayılıb. Bu, yanlış xəbərdir. Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir".