Abşeronda alimlər üçün bina tikilir

09 Mart, 2018 14:34 | Sosial | Baxış sayı: 110
Tikinti
Tikinti

18 bloklu binanın təməli bu gün qoyulub

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (“Science City”) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək kooperativ binanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, alimlər, digər rəsmi şəxslər iştirak ediblər. 

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov çıxışlarında akademiya əməkdaşlarının sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində saxlanıldığını deyiblər.

Xatırladaq ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 bloklu binanın tikilməsi nəzərdə tutulur. Mənzillərin sayı isə 1928 ədəd olacaq. Binanın inşasının iki ilə başa çatdırılması planlaşdırılır.

AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksin həyəti və ətrafında böyük parklar da salınacaq. 1, 2, 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır. Yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin də inşası nəzərdə tutulub.