Nazirlikdən sahibkarlara maaş xəbərdarlığı

09 Fevral, 2019 16:17 | Sosial | Baxış sayı: 435
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Minimum əmək haqqını prezidentin sərəncamındakına çatdırmayanlar...

"Özəl sektorda da minimum əmək haqqı 180 manatdan az müəyyən oluna bilməz". Bu barədə xəbərdarlıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən edilib. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, buna elektron sistem vasitəsilə nəzarət olunacaq.

Nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. "Prezident İlham Əliyevin sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əmək haqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər".

Açıqlamada qeyd edilir ki, minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.