Qripdən ölən var? - Açıqlama

09 Yanvar, 2017 15:51 | Sosial | Baxış sayı: 79
Epidemiya
Epidemiya

H3N2 virusundan ölənlərin olması ilə bağlı xəbərlər yayılıb

Bəzi KİV-də ölkədə H3N2 virusundan ölənlərin olması ilə bağlı xəbərlər yayılıb. Yayılan xəbərdə məlumatın həkim-professor Adil Qeybulla tərəfindən verildiyi bildirilir.

İstiPress-ə açıqlamasında Adil Qeybulla ölüm ilə bağlı hər hansı məlumat vermədiyini deyib. O qeyd edib ki, jurnalislər onun fikrini təhrif edib: "Mən demişəm ki, bu virus kifayət qədər ağır, kliniki gedişə malikdir. Həm yuxarı tənəffüs yolları infeksiyalarına, həm də yayılan qrip infeksiyasına “sezon qripi” deyirlər. Həmişə payız və qış fəsillərində bu cür hallar müşahidə olunur. Təbii ki, bu il virusa yoluxma halları daha çoxdur. Bu infeksiyanın fonunda ağ ciyərin pnevmoniyası, yuxarı tənəffüs yollarının iltihabı, ağ ciyər ödemi kimi çox sayda xəstəliklər baş verə və ağırlaşmalar ola bilər. Bəzən isə bu ölümlə nəitcələnə bilər."
Professor qeyd edib ki, ölüm halının olmasını yalnız rəsmi olaraq Səhiyyə Nazirliyi açıqlaya bilər.

Səhiyyə nazirliyi də Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin baş epidemioloqu İbadulla Ağayev İstiPress-ə açıqlamasında bildirib ki, Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb.

“Əgər qripdən ölüm faktı varsa, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. Lakin belə hal olmayıb, bu barədə deyilənlər həqiqəti əks etdirmir. Xəstə qripə yoluxduğunu təsdiqləmək üçün mütləq poliklinikaya müraciət etməli, orada ondan yaxma götürülməlidir. Yaxma müayinəsi nəticəsində qripin aşkar olunub-olunmamasını isə yalnız Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında müəyyən etmək mümkündür. Hər bir yoxlamaların cavabı poliklinikalara, xəstəxanalara göndərilir.”

Hazırda ölkə ərazisində H3N2 virusu geniş yayılıb. Xəstəliyin belə geniş yayılmasının səbəbi xəstə olan insanların yataq şəraitində deyil, kollektivdə olmasıdır. 

Bu xəstəlikdən qorunmaq üçün əməl etməli məqamlar var: 

1. Cuna maskalardan istifadə etməli (ictimai nəqliyyatda, işdə, kütləvi toplantı
yerlərində).
2. Şəxsi gigiyena tədbirlərinə riyaət etməli: əlləri tez-tez sabun və isti su ilə yumalı
(xüsusilə yeməkdən öncə);
3. Qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra
əlləri yumalı.
4. Vitaminoterapiya;
5. Virus əleyhinə vaksinasiya;

Əgər qripə yoluxmusunzsa, ondan tez qurtulmaq və digər şəxsləri yoluxdurmamaq üçün bir sıra şərtlərə əməl etmək lazımdır:

1. Yataq rejiminə keçməli;
2. Çoxlu ilıq maye qəbul etmək;
3. Cuna maskalardan istifadə etməli;
4. Virusun yayılmasına müqaviməti artıran dərmanlar qəbul etməli;
5. Vitaminoterapiya;
6. Həkim təyinatı.

Bütün bunlara əməl etməklə xəstəliyə yoluxmamaq və ya ondan tez qurtulmaq mümkündür.