Azərbaycana gətirilən gürcü kartofunda nə tapıldı? FOTO

08 Noyabr, 2018 12:37 | Sosial | Baxış sayı: 408
Kartof
Kartof

26 min kq kartof dərhal Gürcüstana geri göndərilib

Azərbaycana gətirilən kartofda zərərli orqanizmlər aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyindən İstiPress-ə verilən məlumata görə, Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib.

Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26042 kiloqram kartof məhsulunun Gürcüstana qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır.

Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.