Yaşlı kişi evində yanıb öldü

08 Oktyabr, 2020 14:57 | Sosial | Baxış sayı: 74
Yanğın
Yanğın

Qubanın dağlıq zonada və çətin relyef ərazidə yerləşən Ördüc kəndində baş verən yanğın 88 yaşlı ev sahibinin həyatına son qoyub.

IstiPress-in şimal bürosunun məlumatına görə, oktyabrın 7-si axşam saat 20 radələrində Ördüc kəndində bir mərtəbəli evdə yanğın baş verməsi barədə məlumat daxil olduqdan sonra FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə yollanıb. Alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 88 yaşlı Səfərəli Hacəli oğlu Qeyibovun yanmış meyidi tapılıb. Hadisə yerində Quba rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları işləyib. Səfərəli Qeyibovun evinin və özünün yanmasına odun sobasının səbəb olduğu deyilir.

Quba rayon prokurorluğunda araşdırma başlanılıb. Təfərrüatlar araşdırılır.