Ən güclü geomaqnit qasırğası başladı

08 Sentyabr, 2017 10:25 | Sosial | Baxış sayı: 185
Geomaqnit qasırğası
Geomaqnit qasırğası

Güclü geomaqnit həyəcanı yaxın günlərdə də davam edəcək

"Dünəndən etibarən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. Bu, son illərin ən güclü geomaqnit qasırğaslarından biri hesab oluna bilər".. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, Günəşdə baş verən son partlayışdan sonra yaranan güclü geomaqnit həyəcanının yaxın günlərdə də davam edəcəyi gözlənilir. Hazırda Günəş plazma küləyinin sürəti 770 km/san-dır. Bu da çox böyük rəqəmdir.

E.Babayevin sözlərinə görə, gün ərzində və sabah G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir.

Budəfəki qasırğa artıq texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Qeyd edək ki, sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı baş verib. Daha bir güclü partlayaış isə ötən gün axşam olub.