Azərbaycanda ürəyi də dəyişmək mümkün olacaq

08 İyun, 2019 15:39 | Sosial | Baxış sayı: 57
Ürək xəstəlikləri
Ürək xəstəlikləri

Deputat "Orqan transplantasiyası haqqında" qanuna dəyişikliklərlə bağlı iş getdiyini deyib

"Bu gün Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır". Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb: "Bu gün Azərbaycanın, hətta regionlarında da ürək əməliyyatları uğurla həyata keçirilir. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "Orqan transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Hazırda bu qanuna dəyişikliklərin edilməsi üçün iş aparılır".