Bir sutkada 3073 adam karantin qaydasını pozdu

08 Aprel, 2020 17:20 | Sosial | Baxış sayı: 167
karantin
karantin

Operativ qərargah: "Qanunsuz icazə alanlar çoxdur"

"Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3073 inzibati tədbir görülüb. Bu rəqəm çox böyükdür". Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 12 nəfər inzibati həbs cəzası alıb. İ.Məmmədov əlavə edib ki, qanunsuz icazə alanlar çoxluq təşkil edir.

Xatırladaq ki, aprel ayının 5-dən vətəndaşların evdən çıxması icazə əsasında həyata keçirilir. Belə ki, Şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün qeyd edilən nömrəyə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə birlikdə göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.