Sükan arxasında telefonla danışan avtobus sürücüsü cəzalandırıldı

08 Yanvar, 2019 20:33 | Sosial | Baxış sayı: 70
Sükan arxasında telefonla danışan sürücü
Sükan arxasında telefonla danışan sürücü

Paytaxtda 187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-“Koroğlu” metrostansiyası) işləyən avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək qaydaları kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb.

İstiPress-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.

Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digər zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.