Qar qayıdır, hava kəskin dəyişir XƏBƏRDARLIQ

08 Yanvar, 2018 12:55 | Sosial | Baxış sayı: 960
Qarlı hava
Qarlı hava

Bakıya sulu qar yağacaq, temperatur 6 dərəcə enəcək

Azərbaycanda hava şəraiti kəskin dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qurumdan İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 11-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.