Bakıda dərəyə aşan avtobus sahibkarın əlindən alındı

08 Yanvar, 2018 14:37 | Sosial | Baxış sayı: 223
BakuBus
BakuBus

Xətdə “BakuBus” avtobusları işləyəcək

İçindəki sərnişinləri ilə birlikdə dərəyə yuvarlanan avtobusun daşıyıçcısı dəyişdi. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, yanvar ayının 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “BakuBus” MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, yanvarın 6-da çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək.

Məlumat üçün qeyd edək ki, 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq.

Xatırladaq ki, ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.