"Cinayət hüququ. Xüsusi hissə” təqdim olundu

07 Noyabr, 2019 17:24 | Sosial | Baxış sayı: 72

Gənc hüquqşünasların anlayıb dərk edə biləcəyi sadə dildə yazılıb

Noyabrın 7-də “Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab mağazasında Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Cinayət hüququ, cinayət prosesi” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Məhəmməd İmanlının “Cinayət hüququ. Xüsusi hissə”adlı kitabının təqdimat mərasimi keçirilib.

İstiPress-in məlumatına görə, təqdimat mərasimində respublikanın tanınmış elm adamları, hüquqşünas-alimlər və KİV nümayəndələri iştirak ediblər.

Bu gün cinayətkarlıqla mübarizə, təkcə respublika hüdudlarında deyil,  həm də beynəlxalq miqyasda aparılan mübarizəyə inteqrasiyanın zəruriliyi yetişən gənc hüquqşünaslar nəsli tərəfindən bütün ciddiyyəti və aktuallığı ilə dərk edilməlidir. Bu baxımdan  görkəmli hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimovun elmi redaktorluğu ilə  işıq üzü görən hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının “Cinayət hüququ. Xüsusi hissə” dərsliyini ölkədə aparılan hüquq islahatlarına böyük  töhfə hesab etmək mümkündür. Dərslikdə 20 il əvvəl hazırlanmış “Cinayət məcəlləsi”nə edilən  bir çox əlavə və dəyişikliklər müəllif tərəfindən  hərtərəfli təhlil edilir. Eyni zamanda dərsliyin ən faydalı məziyyətlərindən biri də gənc hüquqşünasların  anlayıb dərk edə biləcəyi səlis və sadə dildə  yazılmasıdır. 

Dərslikdə yeni hüquqi təfəkkürə, yüksək professionallığa malik, dünya dövlətlərinin qanunvericiliyinə bələd olan, onun mütərəqqi ənənələrini mənimsəyən ali təhsilli hüquqşünas kadrların hazırlanması vacib vəzifələrdən biri kimi qarşıda durur. 
M.İmanlının hazırladığı bu dərslik cinayət hüququnun xüsusi hissəsinə dair tədris proqramına uyğun yazılmışdır. Müəllif dərsliyi hazırlayarkən problemin nəzəri əsaslarını hərtərəfli öyrənmiş, həm milli, həm də xarici mütəxəssislərin, görkəmli alimlərin  zəngin elmi ədəbiyyatlarından kifayət qədər bəhrələnmişdir.

M.İmanlı  dərsliyi hazırlayarkən problemlərin qoyuluşu və şərhində məntiqi ardıcıllığa riayət etmiş, Azərbaycan Respublikası CM tələblərinə uyğun kifayət qədər aydın və elmi dildə işləmişdir. Dərslik üç hissədən ibarətdir. 

Birinci hissədə Azərbaycan Respublikası cinayət hüququnun “Xüsusi hissəsi”nin sistemi, cinayətin tövsifi ilə bağlı məsələlər araşdırılır və cinayət məcəlləsinin xüsusi hissəsinin fəsilləri üzrə bütün cinayət tərkiblərinin cinayət hüquqi xarakteristikası verilir. 
İkinci hissədə  cinayət məcəlləsinin “Xüsusi hissəsi”nin ayrı-ayrı maddələrində verilmiş konkret cinayət tərkiblərinə aid nümunələr təqdim olunmuşdur. 

Üçüncü hissədə cinayət hüququnun “Xüsusi hissəsi” barədə maddələrə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi qərarlarından çıxarış, cinayət məcəlləsinin bəzi normalarının şərhi ilə bağlı Ali Məhkəmə Plenumunun  qərarlarından çıxarışlar verilmişdir. 

Hesab edirik ki, hazırlanan “Cinayət hüququ. Xüsusi hissə” dərsliyi respublikada hüquqşünas kadrların yeni nəslinin yetişməsi və  püxtələşməsi kimi böyük maddi  və mənəvi məsrəflərlə bağlı olan, gərgin zəhmət tələb edən mürəkkəb vəzifələrin həllinə köməl edəcəkdir.